NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, institut tərəfindən hazırlanmış kitabda mənzum pyeslərin ilk qadın müəllifi kimi tanınan Kəmalə Ağayevanın poeziyası və dramaturgiyası, tərcüməçilik və publisistik, eləcə də elmi tədqiqat əsərləri toplanıb.
İnstitutun ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Şairə-dramaturq Kəmalə haqqında qiymətli əsər” mövzusunda çıxış edib. Qeyd olunub ki, müasir Azərbaycan ədəbiyyatının qadın sənətkarlarından olan istedadlı qələm sahibi Kəmalə Ağayeva haqqında olan bu kitabda onun zəngin və çoxcəhətli bədii yaradıcılığının istiqamətləri təhlil və tədqiq edilib, qiymətli elmi nəticələr ortaya qoyulub.
Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov kitabda toplanan məqalələr və tərcümə əsərləri barədə məlumat verib.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin oğlu Ələkbər Qasımov göstərilən diqqətə görə minnətdarlıq edib.
Adilə Səfərova