Ötən il keçirilən imtahanlar nəticəsində 735 nəfər müvafiq vəzifələrə təyin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2022-ci il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 31 test imtahanında iştirak edən 9533 namizəddən 6488-i uğur qazanıb. Keçirilən müsabiqələrdən 719, ehtiyat kadrlar siyahısından 11, inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş müsabiqələrdən 5 nəfər olmaqla, ümumilikdə, 735 nəfər müvafiq vəzifələrə təyin olunub.

İl ərzində Mərkəz tərəfindən Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə, ədliyyə orqanlarında vakant vəzifələrə, gömrük orqanlarına işə qəbul, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, dövlət mətbuat orqanlarına, dövlət ümumtəhsil müəssisələrinə, dövlət ümumtəhsil müəssisələrində vakant vəzifələrə, məktəbəqədər tərbiyə müəssisələrinə, Naxçıvan Musiqi Kollecinə, AMEA-nın Naxçıvan Bölməsinə, dövlət qulluğu üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatına və Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbulla bağlı 19 müsabiqə keçirilib.

Eyni zamanda müxtəlif istiqamətlər üzrə - Daxili İşlər, Ədliyyə, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğu və Hərbi Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər və səhiyyə işçiləri üçün 10 dəfə keçirilən attestasiya, sertifikasiya və diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edən 4100 nəfərdən 3292-si keçid balını toplayıb.

Qeyd edək ki, 2022-ci ildə bir neçə istiqamətdə - mədəniyyət müəssisələrinə, məktəbəqədər tərbiyə müəssisələrinə, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işə qəbul üçün ilk dəfə müsabiqələr və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı ilk dəfə test imtahanları keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: