AMEA-nın Naxçıvan Bölməsində təcrübə keçən tələbələrlə görüş olub

A- A A+

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin “Tərcümə (Ərəb-Azərbaycan dilləri)”, “(Fars-Azərbaycan dilləri)” ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinin təcrübəsinin başlaması münasibətilə görüş olub.  

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev tələbələrin tədris prosesində qazandığı biliklərin praktikaya tətbiqinin əhəmiyyətindən danışıb. AMEA-nın Naxçıvan Bölməsində də ərəb və fars dilləri üzrə mütəxəssislərə ehtiyac olduğunu deyən akademik bildirib ki, Əlyazmalar Fondunda tələbələr təcrübə rəhbərlərinin müəyyənləşdirdiyi planda nəzərdə tutulan tapşırıqları yerinə yetirməklə dildən istifadə bacarıqlarını inkişaf etdirə, bölmə rəhbərliyinin, alim və tədqiqatçıların məsləhət və köməyindən, yaradılan şəraitdən tam istifadə edərək bu müddətdən səmərəli faydalana bilərlər.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxışında təcrübə müddətində Fond əməkdaşları və tələbələrin iştirakı ilə müxtəlif mövzular üzrə seminarların, müzakirələrin keçiriləcəyini deyib.

Qeyd edək ki, may ayının 31-nədək davam edəcək tərcümə təcrübəsində tələbələr ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, əlyazma və çap kitablarının mətnləri ilə tanış olmaq, Fond əməkdaşları ilə fikir mübadiləsi aparmaq, elmi məsləhətlər almaq imkanı əldə edəcəklər. Təcrübə müddətində tələbələrin kollektiv şəkildə tərcümə edəcəkləri kitabların Fond əməkdaşlarının elmi redaktorluğu ilə nəşri də nəzərdə tutulub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: