Naxçıvan Müəllimlər İnstitutunda 2022/2023-cü ilin yaz semestrinin pedaqoji və istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib.
Ali təhsil ocağının mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda institutun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsi sahəsində yaradılan yüksək şəraitdən, kadr hazırlığında təcrübənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, tələbələr pedaqoji təcrübədə məktəb müəllimlərinin dərslərində və istehsalat təcrübəsində təcrübə keçdikləri müəssisənin mütəxəssislərinin iş prosesində iştirak edərək peşə vədişlərinə yiyələnəcək və peşə funksiyalarını qazanacaqlar.
Tələbələrin təcrübə keçəcəkləri müəssisələrin nümayəndələri də təcrübənin keçiriləcəyi müəssisələrin şəraitindən, maddi-texniki bazasından və tələbələrin mühitə uyğunlaşması, biliklərini inkişaf etdirmələri üçün təcrübənin əhəmiyyətindən söz açıblar.
İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev təcrübə prosesində müəssisə rəhbərləri, müavinləri, tərbiyəçilər və metodist müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
Konfransda pedaqoji təcrübənin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, eləcə də pedaqoji təcrübədə əldə olunacaq nəticələr mövzusunda da çıxışlar dinlənilib.
Yekunda pedaqoji təcrübəyə başlayan tələbələrin sualları cavablandırılıb, onlara lazımi tövsiyələr verilib.
Konfransda NMİ-nin professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.
Aygül Məmmədova