“Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri ilə görüş olub - VİDEO

A- A A+

Naxçıvan şəhər Kimya-Biologiya Təməyüllü Liseydə “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib.    

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının artırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin də məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb. 2023-cü ildə də “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət- Azərbaycan dili, tarix, fizika, kimya və biologiya olmaqla 39 layihə  üzrə tədqiqat aparırlar.

Nazir qeyd edib ki, “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarının 13-15 fevral tarixlərində Bakı şəhərində keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsinə də müxtəlif istiqamətlər üzrə təqdim etdiyi 7 layihədən 6-sı final mərhələsinə vəsiqə qazanıb. Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və Jalə Bayramova riyaziyyat nominasiyası üzrə “Tərəflərinə görə daha özəl üçbucaqlar” layihələri ilə II yerə, şagirdlərin elmi rəhbəri Adil Abdullayev, mütəxəssis alim isə Bəhman Məmmədovdur. Müsabiqədə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Asya Əliyeva “Darıdağ sürmə filizindən kosmetik sürmənin alınması”, Naxçıvan Qızlar Liseyinin şagirdi Cansu Cəlilova isə “Naxçıvan Muxtar Respublikasında zəfəranın yetişdirilməsi və introduksiyası” layihələrinə görə beynəlxalq diplomlara layiq görülüblər.

Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsində qalib olan şagirdlərdən  “Naxçıvantəpə yaşayış yeri və onun ətrafının arxeoloji tədqiqi” mövzusu ilə Ufa şəhərində elmi-tədqiqat işləri ilə bağlı keçirilən XI Ümumrusiya müsabiqəsində birinci dərəcəli diploma layiq görülən Naxçıvan Şəhər Qızlar Liseyinin şagirdi Altunay Tahirliyə və Polşanın Varşava şəhərində keçirilən Beynəlxalq Elmi Konfransda “Şahbuz Rayonunun etnotoponimlərinin linqvistik xüsusiyyətləri və təhlili” məqaləsinə görə beynəlxalq sertifikata layiq görülən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərovaya Təhsil Nazirliyinin diplomları təqdim olunub.

Məktəblilər və layihə rəhbərləri yaradılan müasir tədris şəraitinə görə minnətdarlıq ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: