AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Günü qeyd edilib - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Dilimiz milli sərvətimizdir” mövzusunda keçirilən konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, bu günün tarixi barədə məlumat verib. Vurğulanıb ki, 21 fevral 1952-ci ildə Banqladeşdə öz ana dilinin rəsmi dil kimi tanınması uğrunda mübarizə aparan 4 nəfər tələbənin öldürülməsindən 47 il sonra Banqladeş səfirinin təşəbbüsü ilə həmin gün UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilib.
Bildirilib ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və başqa mühüm fərman və sərəncamların imzalanması, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ana dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Daha sonra “Ali Baş Komandanın zəfər üslubu”, “Cənubi Azərbaycanda ana dili məsələləri”, “Heydər Əliyev və dil məsələləri” mövzusunda məruzələr dinlənilib.
Məruzələrdə Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərinin mətnləri fonetik, leksik, semantik təhlilə cəlb olunub, üslub xüsusiyyətləri şərh olunub.
Konfransda Cənubi Azərbaycanda Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasına, anadilli məktəblərin fəaliyyətinə imkan verilməməsi kimi məsələlərdən də bəhs olunub, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökuməti dövründə dilimizə verilən dəyər, bununla bağlı görülən tədbirlər diqqətə çatdırılıb. Millətin formalaşmasında ana dilinin mühümlüyü, ana dilimizin qorunması və təbliği məsələsi əhatəli şərh olunub.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.