NDU-da Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbirdə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.
Universitetin rektoru Elbrus İsayev çıxış edərək 21 Fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən söz açıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu gün Naxçıvanda dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Məlumat verilib ki, Beynəlxalq Ana dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000- ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Azərbaycan dili ədəbi dilin nümunəsi kimi” adlı çıxışında bildirib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xanəli Kərimli çıxışında görkəmli şairlərin şeirlərini də səsləndirib.
“Ana dilimiz milli kimliyimizdir” adlı çıxışında filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova qeyd edib ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Sonda tələbələrin bədii qiraəti olub.
Aysel İsazadə