Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
Konfransda ilk olaraq Ümummilli lider Heydər Əliyevin Ana dilimiz haqqında fikirlərini əks etdirən sənədli filmə baxış olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, institutun rektoru Azad Novruzov çıxış edərək qeyd edib ki, hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Rektor vurğulayıb ki, xalqın keçdiyi tarixi yolu, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur..
İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova “Ana dilli hər bir xalqın milli kimliyidir” mövzusunda, kafedranın baş müəllimi Təranə Qəbulova “Ana dilimiz bizim söz xəzinəmizdir” mövzusunda çıxış edərək bildiriblər ki, günü-gündən qloballaşan dünyada Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Ziyalı nəsil olaraq bizim məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir.
Sonda tələbələr Ana dilimiz haqqında şeirlər qiraət ediblər.
Aygül Məmmədova