Tələbələr Zəngəzur Milli Parkında istehsalat təcrübəsi keçiblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin müəllim və tələbə heyəti ilə birgə Şahbuzda akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında olublar. Tələbələr burada təbiət ərazilərində müşahidələr aparıb, biotexniki tədbir və treninqdə iştirak ediblər.
Universitetin Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin 4-cü kurs tələbələrinin iştirak etdiyi tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Kamran Əliyev Zəngəzur Milli Parkı barədə məlumat verib. Qeyd edib ki, 42 min 800 hektara yaxın sahəni əhatə edən park 2009-cu ildə yaradılıb. Məqsəd ərazidə ekoloji sistemlərin, bioloji müxtəlifliyin, genetik fondun, təbiət komplekslərinin, eləcə də Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na düşmüş flora və fauna növlərinin qorunub saxlanılması, artırılması, həmçinin ekoturizmin inkişaf etdirilməsidir.
Nazirliyin əməkdaşları tələbələrlə birgə Zərnətün çayı boyunca dağ yamaclarına, çöl heyvanlarının daha çox məskunlaşdığı ərazilərə 30 kip qaba yem səpib və 500 kiloqrama yaxın daş duz qoyublar.
Sonra tədbir Zəngəzur Milli Parkının İnformasiya Mərkəzində davam etdirilib. Naxçıvanın əsrarəngiz təbiəti, fauna və floranın qorunması, zənginləşdirilməsi istiqamətində aparılan işlərdən söhbət açılıb, tələbələr Naxçıvanın zəngin təbiətini özündə əks etdirən videoçarxa baxıblar.
Tələbələr İnformasiya Mərkəzindəki eksponatlarla da tanış olublar. Qeyd edilib ki, informasiya mərkəzində flora, fauna və etnoqrafiya muzeyləri fəaliyyət göstərir. Bu muzeylərdə müxtəlif nadir eksponatlar toplanılıb, vəhşi heyvan fiqurları, bitki herbariləri yerləşdirilib, həmçinin təbiət ərazilərini əks etdirən fotoşəkillər nümayiş etdirilir.
Məhəmməd Fərəcov