Ali təhsil ocaqlarında Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın ali təhsil ocaqlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Naxçıvan Dövlət Universitetində, “Naxçıvan” Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirlərdə əvvəlcə şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov və Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək dəhşətli cinayət, terror hadisəsi adlandırıblar.

Çıxış edənlər bildiriblər ki, Xocalı faciəsi dünyada törədilən bir çox soyqırımı hadisələrindən dəhşətli olsa da, bu hadisəyə uzun müddət hüquqi-siyasi qiymət verilməyib. Yalnız xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub. Ulu öndərimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Çıxış edənlər prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində böyük addımlar atıldığını bildiriblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan tarixində son 200 ildə ən parlaq qələbə kimi tarixə və yaddaşlara həkk olundu, bu qalibiyyət azərbaycanlılara qarşı törədilmiş terror aktlarına qarşı ən tutarlı cavab oldu, soyqırımı qurbanlarının qisası alındı.

Tədbirlərdə nümayiş etdirilən ədəbi-bədii kompozisiyalarda, filmlərdə, bədii qiraət və sərgilərdə Xocalıda törədilən amansız qətliamlar bir daha xatırlanıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: