AMEA-nın Naxçıvan Bölməsində “Xocalı soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, əvvəlcə soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarına ermənilərin məqsədli şəkildə köçürülməsindən, onların tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq xülyasını gerçəkləşdirmək cəhdlərindən, bu məqsədlə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan və soyqırımlardan danışıb.
Soyqırımı nəticəsində çoxminlik əhalisi olan Xocalı şəhərinin yox edildiyini söyləyən akademik bildirib ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib. Bu gün Xocalı soyqırımı dünyanın 20-yə yaxın ölkəsi, ABŞ-nin 24 ştatı tərəfindən tanınır.
Daha sonra “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Xocalı faciəsi – insanlığa qarşı törədilmiş cinayət”, “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzuları ilə bağlı məruzələr dinlənilib.
Məruzələrdə 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı törədilən kütləvi qırğın və soyqırımı siyasəti, Qarabağ münaqişəsinin meydana gəlməsi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı ağlasığmaz cinayətləri ətraflı şərh olunub. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuz ermənilərin törətdikləri cinayətlərin qisasını hərb meydanında alıb.
Konfransda həmçinin Qarabağ, Xocalı mövzusunun ədəbiyyatda inikası məsələsinə də diqqət çəkilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Xocalı soyqırımının təbliği məsələsi, Qarabağ mövzusunda yazılan kitablar, bədii ədəbiyyat nümunələrinin təsir dairəsi və diqqət edilməli nüanslarla bağlı fikir mübadiləsi aparılıb.