N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş fəallığı bir qədər artıb. Son üç sutka ərzində maksimum alışma M 6.35 olub. Enerjisi 100 MeV-dan çox olan proton seli isə fon səviyyəsində qalıb.
Fevralın 26-sı axşamdan başlayaraq geomaqnit sahə aktivləşərək G3 səviyyəli maqnit qasırğasına qədər yüksəlib. Hazırda maqnit qasırğası hələ də davam etməkdədir (7Kp).
Fevralın 27-dən martın 1-dək M sinif alışma ehtimalı 65 faiz, X sinif 15 faiz gözlənilir. Radiosiqnalların ötürülməsində 65 faiz R1-R2 səviyyəli, 15 faiz R3 səviyyəli kəsilmələrin olması proqnozlaşdırılır. Enerjisi 2 MeV olan proton selinin fevralın 27 və 28-də Günəş küləyinin paylanması səbəbi ilə normal və həyəcanlaşmış səviyyədə qalacağı, fevralın 24 və 25-də baş vermiş CME və mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə martın 1-də yüksək enerjili zərrəciklər selinin yenidən aktivləşəcəyi gözlənilir (S1~60 faiz). CME və mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə Günəş küləyinin sürətinin yenidən artacağı proqnozlaşdırılır.
Maqnit qasırğasının fevralın 28-də də G2 səviyyəsinə düşəcəyi, martın 1-də isə daha sakit kosmik hava gözlənilir.