“Naxçıvan” Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov təhsil müəssisələrində, ali təhsil ocaqlarında uşaqların, gənclərin fövqəladə hallara hazır olmalarına köməklik məqsədilə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, mayor Vüqar Məmmədov bildirib ki, ölkəmizin yerləşdiyi təbii-coğrafi şəraitlə bağlı texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olması mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsinin əhəmiyyətini daha da artırır.
Qeyd olunub ki, müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə hadisələrin xəbərdar edilməsi və qarşısının alınması istiqamətində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən və imkanlarından geniş istifadə edilsə də, bəşəriyyət bu kimi fəlakətlərin qarşısında hələ də acizdir. Qardaş Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində baş verən zəlzələlər bir daha göstərdi ki, mülki müdafiə və əhalinin təhlükəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı profilaktik tədbirlər davamlı olaraq aparılmalı, insanlar bu istiqamətdə maarifləndirilməlidir.
“Naxçıvan” Universitetinin baş müəllimi Bəhruz Quliyev muxtar respublikada baş verən təbii xarakterli fövqəladə hallardan, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Etibar Məmmədov yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən, Azadə Cəfərova isə zəlzələ baş verən zaman davranış qaydalarından danışıblar.
Sonda konfrans iştirakçıları xilasetmə avadanlıqlarının və yanğınsöndürmə avtomobillərinin iş prinsipləri ilə tanış olublar.