Martın 6-7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə institutdan məlumat verilib. Bildirilib ki, konfrans Şərqşünaslıq İnstitutu ilə yanaşı, Misirin Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyətinin, Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun, İraq Strateji Araşdırmalar Mərkəzinin və Çin Xalq Respublikasının Hebey Universitetinin iştirakı ilə təşkil ediləcək.
Tarix və ədəbiyyatda, elmdə, təhsildə, incəsənətdə, mədəniyyətdə və günümüzdə qadın, müasir dövrdə qadın problemləri mövzularını əhatə edən konfransda Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim iştirak edəcək.