NDU-da 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub - FOTOLAR
NDU-da 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin Televiziya, mətbuat ve ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü” kimi təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən ölkəmizdə hər il martın 5-nin Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunduğunu deyib. Bildirib ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 30 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ali təhsil ocağının idman sahəsində qazandığı uğurlardan söz açan rektor universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında İdman klubunun rolunu qeyd edib və əlamətdar gün münasibətilə idmanla məşğul olan hər kəsi təbrik edib.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, İdman klubunun sədri Məmmədəli Rəhimov və Texnologiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi, stolüstü tennis üzrə muxtar respublika ikincisi olan Lalə Musayeva universitet tələbələrinin idman sahəsində qazandıqları nailiyyətlərdən bəhs ediblər.
Sonra basketbol, badminton, peyntbol, oğlan və qızlar arasında stolüstü tennis üzrə muxtar respublika çempionatında, I kurslar arasında basketbol, minifutbol, şahmat, oğlanlar və qızlar arasında voleybol idman növləri üzrə keçirilən seçmə yarışlarda qalib olan komandalar diplomla təltif olunublar.
I kurslar arasında keçirilən seçmə yarışlarda fərqlənən tələbələr və il ərzində keçirilən yarışlar üzrə seçilən fakültələrə diplomlar təqdim olunub.
Elmir Tağıyev