ICESCO-nun Baş direktoru təhsil, elm və mədəniyyət sahələrində innovasiyalara daha çox vəsait ayırmağa çağırıb

A- A A+

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik təşkilata üzv dövlətləri, həmçinin beynəlxalq maliyyə qurumlarını innovasiya və yaradıcılıq məsələlərinə daha çox vəsait ayırmağa çağırıb. O qeyd edib ki, təhsil, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların proqram və layihələrinin, habelə müasir texnologiya tətbiqlərinin maliyyələşdirilməsi ilə bağlı çətinliklərin aradan qaldırılması İslam ölkələrində dayanıqlı inkişafa töhfə verəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ICESCO, Ərəb Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ALECSO) və Səudiyyə Ərəbistanının Təhsil üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Ər-Riyadda keçirilən “Təhsil, mədəniyyət və elm təşkilatlarının gələcəyi” mövzusunda konfransın ilk panel iclasında çıxış edən Salim Əl-Malik deyib: “ICESCO-nun təhsil sahəsində innovativ təşəbbüsləri öz bəhrəsini verir. Biz COVID-19 pandemiyası dövründə müxtəlif layihələr həyata keçirdik, distant təhsil üzrə proqramlar təqdim etdik. Təhsil, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların birgə proqram və layihələrini müzakirə etmək məqsədi ilə vaxtaşırı keçirilən məşvərət görüşləri və beynəlxalq konfranslar, seminarlar və görüşlərdə problemləri koordinasiya yolu ilə həll etməyə çalışdıq. Bu kontekstdə təşkilata üzv dövlətlərin, həmçinin maliyyə qurumlarının və fondların dəstəyi çox zəruridir. Bununla yanaşı, üzv dövlətlərin milli komissiyaları ilə birlikdə koordinasiyanı tənzimləyən baza yaratmağa, onların prioritetlərinə və təhsil sahəsini inkişaf etdirmək istəklərinə cavab verən proqram və layihələri həyata keçirməyə səy göstəririk”.

İki gün davam edən konfrans çərçivəsində təhsil, elm, mədəniyyət və müasir texnologiyalarla bağlı 20-dən çox sessiya və panel müzakirələri təşkil edilib. Tədbirdə beynəlxalq təşkilatlar, akademik dairələr, ekspertlər, şirkətlər və maliyyə institutları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanlarının təşviqi əsas müzakirə mövzusu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: