Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Sara Hüseynlinin fərdi rəsm sərgisi açılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Sara Hüseynlinin “Parlayan ulduz” adlı fərdi rəsm sərgisi təşkil olunub.
İnstitutun rektoru Azad Novruzov təsviri incəsənət sahəsində tələbələrin uğurlarından danışıb, gənc rəssama diplom təqdim edib.
İnstitutun prorektoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva gənc rəssamın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Türkiyənin Naxçıvandakı Baş konsulunun müavini Nejla Koçak, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, gənc rəssamın məzun olduğu 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova, Əməkdar rəssam Telman Abdinov, institutun əməkdaşları və digər qonaqlar çıxış edərək gənc rəssamı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Fərdi sərginin müəllifi Sara Hüseynli yaradılmış şəraitə görə minnətdarlığını bildirərək sərgidə iştirak edən qonaqlara təşəkkür edib.
Sərgidə realizm və romantizm üslublarında işlənmiş portret, etüd, natürmort, mənzərə, qrafika və dekorativ işlərdən ibarət 30-dan artıq əsər nümayiş olunur. Gənc rəssamın kətan üzərində yağlı boya, ebru nümunələri, Naxçıvanın təbiəti, tarixi abidələri və şəhər mənzərələrini, tarixi hadisələri əks etdirən tematik tablolardan ibarət əsərləri sənətsevərlərin marağına səbəb olub.
Yunis Allahverdiyev