“Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələr Heydər Əliyev Muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələr “Heydər Əliyev İli” çərçivəsində ümummilli liderimizin adını daşıyan muzeyi ziyarət ediblər.

Tələbələrə muzeyin fəaliyyəti və eksponatlar barədə məlumat verilərək bildirilib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydəki zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri işıqlandırılır.

Diqqətə çatdırılıb ki, muzeydə ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı tarixi müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir.       

Tələbələrdən Melisa Çelik, Sevda Aykut və Amineh Panbah Heydər Əliyevin vətəni olan Naxçıvanda təhsil almağın qürurverici olduğunu bildirərək qeyd ediblər ki, dahi şəxsiyyətin irsinin qorunub saxlandığı, onu siyasi fəaliyyətinin təbliğ olunduğu muzeydəki eksponatlar onlarda zəngin təəssürat yaratdı. Heydər Əliyev Muzeyi ulu öndərin sağlığında yaradılan ilk muzey kimi xüsusilə diqqəti cəlb edir. Buna görə də muzeyi ziyarət etmək tarixə şahidlik etməkdir. 

Əcnəbi tələbələr bu əlamətdar ekskursiyanı əbədiləşdirmək məqsədilə xatirə şəkli çəkdiriblər.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: