NDU-da “Bir gün tələbə” layihəsinin növbəti tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Bir gün tələbə” layihəsinin növbəti tədbiri keçirilib.

Universitetin magistratura mərkəzində keçirilən tədbirdə rektor Elbrus İsayev üçüncü dəfədir ki, baş tutan layihənin uğurlu icrasından danışıb. Universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən rektor universitet ərazisində istifadəyə veriləcək Texnoparkın gələcək imkanlarından da danışıb. Rektor məktəbliləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihə barədə şagirdlərə məlumat verib. Qeyd edilib ki, muxtar respublika şagirdlərinin universitet, tələbə mühiti ilə tanış olması məqsədini daşıyan layihə məktəblilərin gələcək karyeralarını qurmaları baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident təqaüdçüsü, Tibb fakültəsinin I kurs tələbəsi, “Bir gün tələbə” layihəsinin ilk iştirakçısı Fuad Məmiyev ixtisas seçimində ona bu layihənin dəstək olduğunu diqqətə çatdırıb. Bir vaxt şagird kimi gəldiyi ali təhsil ocağının tələbəsi olmaqdan qürur duyduğunu bildirib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli məktəblilər adından çıxış edərək, muxtar respublikada və beynəlxalq olimpiadalarda qazandığı uğurlardan söz açıb, layihə təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra şagirdlər universitetin ayrı-ayrı bölmələri, dərs və tədqiqat prosesləri ilə tanış olublar.

Layihə çərçivəsində şagirdlər anket-sorğuda da iştirak edib, təəssüratlarını paylaşıblar.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: