Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvanda təhsil müəssisələrinin fəaliyyəti ilə maraqlanıb - VİDEO

A- A A+

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub, təhsil müəssisələrinin fəaliyyəti ilə maraqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüb.

Təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Həmçinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın kompüter, 700-dən artıq elektron lövhə və zəngin kitabxana fondu ilə təchiz olunub. 2020-2021-ci tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur. Bu günədək 156 məktəbdə STEAM kabinələri yaradılıb.

Rəhman Məmmədov nazirliyə tabe məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri və digər məsələlər barədə də qonaqlara geniş məlumat verib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət Proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir.  

Diqqətə çatdırıb ki, səfərdə məqsəd muxtar respublikadakı təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaq və qarşılıqlı  fəaliyyət əsasında əməkdaşlığı genişləndirməklə  təhsilin  inkişafında daha böyük uğurlara nail olmaqdır.

Görüşün ardınca qonaqlar Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan Şahmat Mərkəzinin fəaliyyəti, yeni qurulan STEAM Təlim-Tədris Mərkəzində yaradılan müasir tədris şəraiti ilə tanış olublar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları 3 günlük səfər çərçivəsində Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil, orta ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətləri  ilə tanış olublar.

Sonda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib, birgə fəaliyyət planları barədə müzakirələr aparılıb.   

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: