AMEA Naxçıvan Bölməsində Elm Günü qeyd olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər güllər düzüb, ümummilli liderimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət edib, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Bölmədə davam etdirilən tədbirdə kitablardan ibarət sərgiyə baxılıb. Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə AMEA-nın təsis olunduğu gün - martın 27-si ölkəmizdə Elm Günü kimi qeyd edilir.
Ümummilli liderimizin Azərbaycanda elm və təhsilin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışan akademik qeyd edib ki, ulu öndər siyasi rəhbərliyinin hər iki dövründə bu sahədə problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlər həyata keçirib, mühüm tarixi fərman və sərəncamlar imzalayıb.
Qeyd edilib ki, akademiyanın davamlı inkişafı da ulu öndərimizin adı ilə bağlıdır. Dahi rəhbərin yenidən hakimiyyətə qayıdışından sonra akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşib, 2001-ci il 15 may tarixli fərmanı ilə Elmlər Akademiyasına Milli statusu verilib. İsmayıl Hacıyev ümummilli liderimizin elm və təhsil siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov bölmənin keçdiyi inkişaf yolundan, müasir maddi-texniki bazası, kadr hazırlığı, nəşrlər, elm, təhsil, layihələr və tətbiqyönümlü işlər barədə məlumat verib, beynəlxalq əlaqələrdən bəhs edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi Sərəncam imzalaması ilə muxtar respublikanın elmi mühiti mərkəzləşib, sistemli və davamlı inkişaf mərhələsinə qədəm qoyub. Bölmə və ona daxil olan institutlar üçün binalar tikilib və ya əsaslı təmir olunub, yeni avadanlıqlarla təchiz edilib. Qarşıya qoyulan vəzifələrlə əlaqədar bölmənin tarixçi alimləri hər il onlarla kitab və monoqrafiyalar, ümumiləşdirici əsərlər, xəritələr və elmi məqalələr hazırlayıb çap etdiriblər. Bölmədə hər il beynəlxalq və respublika, muxtar respublika səviyyəli konfrans və tədbirlər keçirilir. Bildirilib ki, fəaliyyəti dövründə bölmə alimlərinin dünyanın bir sıra ölkələrində 30 monoqrafiyası, 19 kitabı, 2212 məqaləsi, 84 tezisi çap olunub.
Diqqətə çatdırılıb ki, ötən dövrdə Naxçıvanda 27 beynəlxalq arxeoloji ekspedisiya təşkil olunub, 1200-dən çox abidə aşkarlanıb və pasportlaşdırılıb ki, bunlardan 57-si dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanın şəhərinin 5 min ilə yaxın yaşayış tarixinin mövcudluğu, ilkin şəhər mədəniyyətinin beşiklərindən biri olduğu, Boyalı qablar mədəniyyətinin bu ərazidə formalaşdığı, həmin mədəniyyəti yaradan tayfaların Naxçıvan ərazisində yaşadığı, Duzdağın dünyada duz çıxarılan ilk duz mədəni olduğu sübut olunub.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Əlyazmalar Fondunun direktoru Fərman Xəlilovun çıxışları dinlənilib.
Mədinə Rəhimli