“Naxçıvan” Universitetinin nümayəndə heyəti Litvada işgüzar səfərdə olub - FOTOLAR
Səfərdə "Naxçıvan" Universitetinin rektoru Anar Kazımov, Tədris şöbəsinin müdiri Anar Abuzərli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli iştirak ediblər.
Universitetin İctimaiyyətlə əlaqələr sektorundan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, səfər proqramı çərçivəsində Litvadakı Rektorlar Konfransı, bu konfransdakı Tədris işləri üzrə komitənin rolu, Mykolas Romeris Universiteti və Litvanın ali təhsil sistemi üzrə təqdimatlar həyata keçirilib.
Təlim proqramına əsasən digər mühüm istiqamət təhsildə keyfiyyət təminatı məsələləri olub. Təlimlərdə “Naxçıvan” Universitetinin əməkdaşları da iştirak ediblər.
Nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə də tanış olub.
Layihənin koordinatoru Gülşən Bayramova layihənin aralıq monitorinq nəticələri barədə iştirakçılara məlumat verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılan Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda Komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilən işgüzar görüşlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, 20-yə yaxın Azərbaycan ali təhsil müəssisəsindən rektorlar, prorektorlar və digər məsul şəxslər iştirak ediblər.