Xatirə muzeyində 31 Mart soyqırımına həsr olunan interaktiv dərs keçirilib

A- A A+

Naxçıvan şəhərindəki Xatirə muzeyində “31 Mart - Azərbaycanlıların Soyqı­rımı Günü” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs keçirilib.     

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin Tarix müəllimi Azad Şirzadov tərəfindən keçirilən interaktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvandan da yan keçməyib, azğınlaşmış ermənilər burada da qanlı faciələr törədiblər.

Bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılıb, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunub, 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması qərara alınıbdır.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb.  

Məktəblilərin diqqətinə çatdırılıb ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə və əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir. Bu qələbə xalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavabdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: