Türkiyədə erməni vandalizmindən bəhs edən toplu çapdan çıxıb

A- A A+

Türkiyədə “Radikal erməni ünsürləri tərəfindən törədilən vəhşiliklər və vandalizm” adlı məqalələr toplusu nəşr olunub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə  AMEA-nın Naxçıvan Bölməsindən məlumat verilib.

Dörd bölmədən ibarət topluya tarix, sosiologiya, arxeologiya, sənət tarixi və memarlıq üzrə 17 elm adamının məqalələri daxil edilib. AMEA-nın Naxçıvan Bölməsinin 7 nəfər əməkdaşı həmin həmmüəlliflər sırasındadır.

Topluda AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin “Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları (1918-1920)”, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Qərbi Azərbaycanda müsəlman abidələrindəki kitabələrin yox edilmə müddəti və erməni vandalizmi”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Tarixdə və günümüzdə erməni iddiaları”, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində İngiltərənin Cənubi Qafqaz siyasətində erməni faktoru və Azərbaycana təsirləri (İngilis arxiv materialları əsasında)”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “I Pyotrun Azərbaycana yürüşü zamanı ermənilərin fəaliyyəti və Naxçıvanla bağlı planları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun “Erməni işğalı altındakı Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi və türklərdən “tarix” oğurluğu” adlı məqalələr yer alıb.

Nəşrin “Siyasi və sosial tarix” adlı ilk bölməsində XIX əsrin ortalarından başlayaraq artan erməni üsyanları, qətliamlar və siyasi yeniliklərdən bəhs olunur, əsassız erməni iddiaları cavablandırılır.

“Radikal erməni ünsürləri tərəfindən törədilən qətliamların arxeoloji dəlilləri” başlıqlı növbəti bölmədə erməni silahlı dəstələrinin, xüsusilə Şərqi Anadoluda törətdikləri qətliamlar arxeoloji tapıntılara əsaslanmaqla şərh olunur.

“Azərbaycanda türk mədəniyyət abidələrinə edilən vandalizm” adlı üçüncü bölmədə erməni quldurlarının Azərbaycan torpaqlarında və indiki Ermənistan ərazisində məhv etdikləri maddi mədəniyyət abidələrindən söz açılır.

“Türkiyədəki erməni mədəniyyət abidələrinin tanıdılması və qorunması istiqamətində işlər” başlıqlı sonuncu bölmədə isə qardaş ölkə ərazisindəki erməni abidələrinin bərpası və qorunması istiqamətində görülən işlərin bir qismi qeyd olunur, məsələ ilə əlaqədar sənədlər təqdim olunur.

Yenicə çap olunan əsər himayədarlarının dəstəyinə arxalanan ermənilərin, habelə havadarlarının qələmə verməyə çalışdıqları “erməni məsələsinin” əksinə olaraq real tarixi faktlara əsaslanmaqla, əsl həqiqətlərin aşkara çıxarılması və təbliği məqsədi daşıyır. Türk və Azərbaycan alimlərinin erməni vandalizmi ilə bağlı apardıqları araşdırmalar Anadoluda və Cənubi Qafqazda ermənilərin bilavasitə iştirakı ilə baş tutan hadisələrə obyektiv yanaşmanı təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: