NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Konfransda Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin müasir qaydalar əsasında qurulmasında və onun inkişaf etdirilməsində tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin xidmətlərinin əvəzsiz rolu olub. Ölkəmizdə fəaliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu öz mənbəyini məhz Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. Həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoyub.
Vurğulanıb ki, ümummilli liderimizin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemimizi keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Xəzər Hüseynov və kollecin müəllimlərinin çıxışları dinlənilib.
Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Şəfa Səfərova