Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, sınaq imtahanı vermək istəyənlər aprelin 28-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı aprelin 30-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında (“8 Noyabr” metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək və saat 10:00-da başlanacaq.
İmtahan iştirakçıları üçün 180 yer ayrılıb. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) manatdır. İmtahan vermək istəyənlərin DİM-in internet saytında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) istifadə etmək mümkündür.