NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya “Naxçıvan” Universitetində olub.
Baş konsul əvvəlcə universitetin maddi-texniki bazası ilə tanış olub, ali təhsil ocağının STEAM komandası və universitetdə təhsil alan türkiyəli tələbələrlə görüşüb. Konsul tələbələr tərəfindən hazırlanan şeir və musiqi nömrələrini izləyib, onların təkliflərini dinləyib, suallarını cavablandırıb.
Universitetlə tanışlıqdan sonra rəhbərliklə görüş olub. Görüşdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Anar Kazımov bildirib ki, dövlətlərimiz dünyada qardaş ölkələr kimi tanınırlar. Bu qardaşlığın, dostluğun və birliyin tarixi kökləri vardır. Dünya buna həm 44 günlük Vətən müharibəsində, həm də Türkiyədə baş verən “Əsrin fəlakəti” adlanan zəlzələ zamanı da şahidlik etdi. Rektor qardaş ölkədə baş verən zəlzələ nəticəsində həlak olanlara görə başsağlığı verib, yaralılara şəfa diləyib.
Ali təhsil ocağının mövcud ixtisasları, kadr potensialı barədə məlumat verən rektor qeyd edib ki, universitetdə 4 fakültə, 9 kafedra fəaliyyət göstərir. Bakalavr təhsil pilləsində 25, magistratura mərhələsində 9, doktorantura və dissertantura pilləsində isə 8 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Rektor mövcud elmi potensial barədə də məlumat verərək professor-müəllim heyətinin beynəlxalq indeksli elmi bazalara çıxışlarının artırılması istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, “Naxçıvan” Universitetinin beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu vardır. Belə ki, ali təhsil ocağı beynəlxalq əlaqələr sahəsində qardaş ölkənin 20-dən çox universiteti ilə sıx əməkdaşlığa malikdir. Hazırda isə “Naxçıvan” Universiteti Türkiyənin bir sıra universitetləri ilə əməkdaşlıqların genişləndirilməsi, diplomların qarşılıqlı tanınması layihələri üzərində çalışır. Bundan başqa “Naxçıvan” Universitetində təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini türkiyəli tələbələr təşkil edir.
Muxtar respublikaya təyinatından məmnunluq duyduğunu bildirən baş konsul Asip Kaya humanitar, iqtisadi və elm sahəsində mümkün əməkdaşlıqlardan söz açıb. İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya “Şuşa bəyannaməsi” ilə rəsmiləşdirilən Azərbaycan-Türkiyə müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Aynur Əliyeva