NDU-da ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı” keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində muxtar respublika ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bədii yaradıcılıq müsabiqə-festivalı”nın baxış müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Xalq artisti Gülyanaq Məmmədova müsabiqənin münsiflər heyətinin üzvləri kimi Naxçıvan Dövlət Universitetində olublar.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra heyət Heydər Əliyev Muzeyini ziyarət edib, ekspozisiya barədə ətraflı məlumat alıblar.
Ali təhsil ocağının İncəsənət fakültəsində təşkil edilən açılış tədbirində əvvəlcə qonaqlar sərgiyə baxıblar. Ümumilikdə 50-yə yaxın rəsm əsərinin, dekorativ tətbiqi sənət, heykəltaraşlıq və tikmə nümunələrinin yer aldığı sərgi maraqla qarşılanıb.
Festivalın baxış müsabiqəsinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, artıq ikinci dəfədir muxtar respublikada təşkil olunan müsabiqə-festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbir tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik zövqünü inkişaf etdirmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Sonra müsabiqəyə start verilib. Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, solo ifaçılar, həvəskar rəqqas və musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, solo ifaçılar iştirak ediblər. İstedadlı tələbələr musiqi və rəqs nümunələri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Tələbələrin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.
Tədbirdən sonra Əməkdar artist Gülyanaq Məmmədova və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Arslan Növrəsli tələbələr üçün ustad dərsi keçiblər.
Səadət Əliyeva