NDU-nun Tibb fakültəsi Akademik Zərifə Əliyevanın 100 illik yubileyini onun adını daşıyan məktəbdə qeyd edib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Bildirilib ki, 2016-cı ildə yenidən qurulan muzeydə 20-yə qədər kitab, jurnal, eləcə də akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid fotoşəkillər sərgilənir.
Tədbir iştirakçıları Vətən müharibəsində qəhrəmancasına şəhid olan və bu məktəbi bitirən məzunlar üçün ayrılmış guşəyə də baxıblar.
Məktəbin müəllim və şagirdləri ilə keçirilən görüşdə Kəngərli Rayon Təhsil şöbəsinin müdiri Emin Məmmədxanlı akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş qeyd olunduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər dünyaşöhrətli alim, akademik Zərifə xanım Əliyevanın ömür yolundan, Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar. Sonra akademikin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tələbələr slaydlarla və əyani üsullarla kliniki ölüm zamanı təxirəsalınmaz yardım və ilkin tibbi müdaxilələr barədə təqdimatlar ediblər.
Fakültənin həkim, rezident, yuxarı kurs tələbələrinin iştirakı ilə şagirdlərdə oftalmoloji, kardioloji, pediatrik, terapevtik, ginekoloji və stomatoloji müayinələr də həyata keçirilib.
Tibb fakültəsi əməkdaşlarının müəllifi olduğu 20-yə yaxın kitab, dərslik, dərs vəsaiti, monoqrafiya 50-yə qədər buklet məktəbin kitabxanasına hədiyyə edilib.
Səadət Əliyeva