“Naxçıvan” Universitetində “Ulu öndər Heydər Əliyev irsində kitab və mütaliə” mövzusunda tədbir keçirilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Universitetin rektoru Anar Kazımov bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi şəxsiyyət daim gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyib.
Sonra “Ümummilli lider Heydər Əliyevin kitaba və mütaliəyə verdiyi dəyər”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Azərbaycanda mütaliənin inkişafında Heydər Əliyev mərhələsi”, “Kitab və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” mövzularında çıxışlar dinlənilib.
Qeyd edilib ki, böyüməkdə olan nəslin mənəvi, intellektual və estetik inkişafında mütaliənin rolu danılmazdır. Mütaliə insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü genişləndirir, yaradıcı potensialı üzə çıxarır. İnsanın xəyal dünyasını zənginləşdirir, təsvir bacarığını gücləndirir. Ən təsirli tərbiyə vasitəsi olan mütaliənin düzgün təşkili, düzgün əxlaqi davranış motivlərinin də tərbiyə edilməsində mühüm rol oynayır.
Tədbir slayd nümayişi ilə yekunlaşıb.