Gələcəyin hüquqşünasları Ali Məhkəmədə təlimə cəlb olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri 10-14 aprel tarixlərində Naxçıvan Muxtar Respublikası Ali  Məhkəməsində təlimə  cəlb olunublar.

Məqsəd gələcəyin hüquqşünaslarına peşə vərdişlərini aşılamaq, onların təcrübi biliklərini artırmaq, nəzəri biliklərin təcrübədə istifadəsi vərdişlərini formalaşdırmaqdır.

5 gün davam edən layihədə ilkin olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən "Heydər Əliyev və Məhkəmə Hüquq islahatları" mövzusunda təlim keçib, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılıb, onları maraqlandıran məsələlərə dair geniş izahlar verilib.

Layihənin davamında tələbələr Ali Məhkəmənin müvafiq şöbələri ilə tanış olub,  məhkəməyə daxil olan sənədlər, cinayət, mülki, inzibati və digər işlər, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları barədə məlumatlandırılıblar. Həmçinin tələbələr elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılıb, onların məhkəmə iclaslarında iştirakları təmin olunub.

Hüquqi mühakimə və müzakirə qabiliyyətlərinin inkişaf etdirilməsi, onların malik olduqları hüquqi biliklərin daha da dərinləşdirilməsi, fikirlərini ifadə etmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə tələbələr arasında hüququn nəzəri problemləri üzrə debat təşkil olunub, debatın nəticələri qiymətləndirilərək qalib komanda müəyyən olunub.

Layihənin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi tələbələrlə görüşüb. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsinin nəzərdə tutulduğunu bildirən Ali Məhkəmənin sədri bildirib ki, bu da öz növbəsində tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində genişmiqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaq üçün geniş imkanlar yaradacaq.

Səadət Bəktaşi tələbələrə gələcək peşə fəaliyyətlərində müvəffəqiyyət arzulayıb, layihədə iştirakla bağlı sertifikatlar təqdim edib, xatirə şəkli çəkdirilib.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: