“Naxçıvan” Universitetində “Açıq Bankçılıq” mövzusunda tədbir keçirilib - FOTOLAR
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Naxçıvan Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Açıq Bankçılıq” mövzusunda tədbir keçirib.
İdarədən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində keçirilən tədbirdə universitetin rektoru dosent Anar Kazımov müasir bank məhsulları və xidmətlərinə göstərilən marağı bu sahədə baş verən innovativ inkişafla əlaqələndirib, belə tədbirlərin müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan bu cür silsilə tədbirlərin Naxçıvandakı bütün ali təhsil ocaqlarında təşkil olunacağını diqqətə çatdırıb.
Tədbirə onlayn qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev muxtar respublikada əhalinin bank savadlılığının artırılması istiqamətində maarifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirib.
Tədbir zamanı iştirakçılara fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və bu kimi mövzular elektron slaydlarla təqdim olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.
Sonda iştirakçılar arasında tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilib.
Qalib şəxslərə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, eləcə də muxtar respublikada fəaliyyət göstərən bank və bank filialları tərəfindən sertifikatlar və hədiyyələr təqdim edilib.