Naxçıvan Ali Məhkəməsi ilə NDU arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi qeyd edib ki, ölkədə hər sahədə olduğu kimi məhkəmə-hüquq sistemində də uğurlu islahatlar aparılır. Bu islahatların əsas məqsədlərindən biri də işində məsuliyyətli savadlı və peşəkar hüquqşünasların yetişdirilməsi, onların hüquq sistemində öz layiqli yerlərini tutmasıdır. Peşəkar kadr hazırlığı istiqamətində NDU-nun fəaliyyətini yüksək qiymətləndirən Səadət Bəktaşi qeyd edib ki, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları və məhkəmə sistemində fəaliyyət göstərən hakimlər arasında bu universitetin məzunları kifayət qədərdir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 1996-cı ildən fəaliyyət göstərən Hüquqşünaslıq ixtisasında hazırda 514 tələbə təhsil alır. Qeyd edilib ki, fəaliyyətə başladığı dövrdən indiyədək Hüquqşünaslıq ixtisası üzrə 3126 tələbə məzun olub. “Birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində təcrübə proqramlarında iştirak etmək üçün geniş imkanlar yaratmaqla tələbələrin bilik və təcrübələrinin artırılmasına böyük töhfə verəcək”, - deyə rektor əlavə edib.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda ali təhsil müəssisəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi arasında əməkdaşlığın genişləndirilməsi, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, həmçinin əməkdaşlıq çərçivəsində elmi-praktiki konfransların, seminarların, təlim və kursların, mühazirə və görüşlərin təşkili öz əksini tapıb.
Sonda memorandum imzalayan tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər.