AMEA Naxçıvan Bölməsi əməkdaşlarının – AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun həmmüəllifliyi ilə “Şərur rayonunun tarixi” adlı yeni monoqrafiya çapdan çıxıb.
AMEA Naxçıvan Bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, monoqrafiyada Şərurun qədim abidələri, həmin abidələrdə aşkar olunmuş arxeoloji materiallar, həmçinin Şərurun müxtəlif tarixi dövrləri araşdırılıb, tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri barədə məlumatlar yer alıb, bölgədə formalaşan sosial-iqtisadi və siyasi proseslərin, Cənubi Qafqaz və Yaxın Şərq tarixinin tədqiqində olduqca əhəmiyyətli olduğu qeyd olunub. Həmçinin rayonun 1991-1993, 1993-2021-ci illər üzrə sosial-iqtisadi inkişafına, eləcə də bu inkişafın yekunlarına xüsusi yer verilib.
Azərbaycan, türk, rus və digər xarici dillərdə 300-ə yaxın mənbəyə istinadların yer aldığı monoqrafiyanın sonuna ölkə başçısı cənab İlham Əliyevin rayona səfəri zamanı çəkilmiş fotoşəkillər, Qazma mağarasından, Xələc, Ovçulartəpə, Şortəpə, Yaycı, Qızqala, Qazxan, Oğlanqala, Qoşatəpə, Hadiqaib və başqa yaşayış yerləri və nekropollardan aşkar edilən naxışlı, boyalı keramika nümunələri, bəzi qədim dövr yaşayış yerlərinin planları əlavə edilib.
Elm adamları, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulan monoqrafiyanın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevdir.
Monoqrafiya Şərur Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub.