Naxçıvanlı şagird türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən festivalda I yerə layiq görülüb - FOTOLAR

A- A A+

Naxçıvanlı şagird türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən "Xəmsə möcüzəsi" festivalında I yerə layiq görülüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqə-festival Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib.

Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan respublikalarından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I, 21 nəfər II, 22 nəfər III və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb. Müsabiqəyə qatılan Culfa Rayon Saltaq kənd tam orta məktəbinin V sinif şagirdi Nemət Quliyev də "Xəmsə möcüzəsi" respublika onlayn incəsənət müsabiqə-festivalının "Musiqi" nominasiyasında 11-14 yaş qrupu üzrə 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqə-festivalın keçirilməsində əsas məqsəd uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, yaradıcılığına məhəbbət hissi oyatmaq, şairin doğma şəhəri qədim Gəncəni beynəlxalq aləmdə tanıtmaq, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaqdır.

Həmçinin yetişməkdə olan gənc istedadları üzə çıxarmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, eləcə də milli mədəniyyət və incəsənətimizi təbliğ etmək, dahi şairin əsərlərinə musiqi nümunələri yaratmış Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək də müsabiqə-festivalın məqsədləri sırasına daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: