Şagirdlər arasında "Robot qol”-“Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin 100 illik yubilleyinə həsr olunmuş "Robot qol"-"Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqədə təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, kabinələr tədris üçün lazımi materiallarla təmin olunub. STEAM layihəsi hazırda 152 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar və 1 orta ixtisas təhsil müəssisəsini əhatə edir.
Ümumilikdə 19000-ə yaxın şagird STEAM təhsilinə cəlb edilib. STEAM kabinələri 7 adda olmaqla 1500-ə yaxın kitabla təmin olunub.
Nazir qeyd edib ki, cari tədris ilindən isə muxtar respublika məktəblərində pilot layihə olaraq 28 məktəbin II-VIII siniflərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunması nəzərdə tutulur. İlkin olaraq aparılmış təhlil nəticəsində 28 məktəbdə 4000-ə yaxın şagird bu layihəyə qoşulacaqdır.
Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev diqqətə çatdırıb ki, müsabiqədə STEAM üzrə “Robot qol”da 33 komanda olmaqla 66 şagird, 33 layihə rəhbəri, “Leqo Sumo”da isə 13 komanda olmaqla 26 şagird, 13 layihə rəhbəri və İnnovativ dərnəklər üzrə 138 layihə olmaqla 156 dərnək üzvü iştirak edir.
Daha sonra təhsil naziri məktəblilərin hazırladıqları “Tullantıdan sənətə” layihələri və "Robot qol” - “Leqo Sumo” yarışları ilə tanış olub. Hazırladıqları layihələri tədbir iştirakçılarına təqdim edən şagirdlər “Leqo Sumo” və “Robot qol” mövzusunda “Lego mindstorms ev3” təhsil dəstlərindən, arduino kodlaşdırma kartından və digər elektron komponentlərdən istifadə edərək proqramlaşdırılmış robotlar yığıb, yaradıcı yanaşma nümayiş etdiriblər.
“Tullantıdan sənətə” mövzusunda isə şagirdlər məişət tullantılarından yararlanmaqla tullantıları sənətə çevirərək müxtəlif nümunələr yaradıblar.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikat və diplomları ilə mükafatlandırılıblar.