“Naxçıvan” Universitetində konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Ümummilli lider Heydər Əliyev və ailə siyasəti” mövzusunda konfrans keçirilib.
Konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Naxçıvan” Universitetinin rektoru Anar Kazımov çıxışında bildirib ki, ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, ümummilli lider Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi.
Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və siyasi irsini əks etdirən videoçarxın nümayişindən sonra "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi Nübar Səfərli və "Pedaqogika nəzəriyyəsi və tarixi" ixtisası üzrə I kurs magistrant İlahə Əliyevanın məruzələri dinlənilib. Məruzələrdə milli-mənəvi dəyərlərin qorunmasında ailə siyasətinin rolundan bəhs olunub.
Bədii hissə ilə davam edən konfransda iştirakçılar tələbələrin ifasında musiqi və şeir parçalarını da dinləyiblər.
Aynur Əliyeva