Akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasının təqdimatı olub - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasının təqdimatı olub.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə yanaşı, ümummilli liderin siyasi irsinin müxtəlif kitab və monoqrafiyaların tədqiqat mövzusu olduğunu deyib. Qeyd edib ki, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin yenicə işıq üzü görən “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasında ulu öndər Heydər Əliyevin həyatının və siyasi irsinin tədqiqi mühüm mərhələ kəsb edir. Alim monoqrafiyada ümummilli liderin siyasi fəaliyyətini tarix və müasirlik nöqteyi-nəzərindən araşdırmaya cəlb edib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədqiqat əsəri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasında fəsillərin əhatə etdiyi mövzular şərh edilib. İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev monoqrafiya haqqında təəssüratlarını bölüşüb.
Monoqrafiyanın müəllifi, akademik İsmayıl Hacıyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, monoqrafiyada tarixi faktlarla yanaşı, müasir inkişafımızın bünövrəsini təşkil edən Heydər Əliyev ideyalarının bugünkü nəticələrindən də söz açılır.