Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nümayəndə heyəti Avstriyanın ən qabaqcıl təhsil və araşdırma mərkəzlərindən olan Avstriya Federal Tədqiqatlar Mərkəzi Raumberg-Gumpensteində mövcud olan tədris və araşdırma mərkəzləri, açıq hava laboratoriyaları ilə tanış olub, ətraflı məlumat alıblar.
Qeyd edilib ki, 76 ildir, fəaliyyət göstərən mərkəz dünyada kənd təsərrüfatı sahəsində elmi tədqiqat və praktikanı özündə birləşdirən bənzərsiz institutlardan biridir. Hazırda mərkəzdə kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı 97 araşdırma layihəsi və Avropa Birliyinin maliyyələşdirdiyi 11 layihə icra edilir.
Rektor Elbrus İsayev və mərkəzin direktoru Johann Gasteiner ilə qarşılıqlı müzakirələr aparılıb, gələcək əməkdaşlıq məsələləri barədə razılığa gəlinib.
Görüşdə yeni texnoloji avadanlıq və üsulların NDU-da tətbiqi, eləcə də elmi-tədqiqat işlərinin aparılması üçün mərkəzin tədqiqatçılarının Naxçıvana dəvət olunması, avstriyalı mütəxəssislərlə elmi layihələrdə iştirak və birgə məqalələrin nəşri, NDU-nun tələbələri üçün mühazirələrin təşkil edilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyəti bitkiçilik və torpaqşünaslıq, heyvandarlıq, ətraf mühit və heyvandarlığın idarə edilməsinin texnika və metodologiyası, orqanik kənd təsərrüfatı, kənd təsərrüfatı heyvanlarının biomüxtəlifliyi sahələrində elmi-tədqiqat işləri aparan mərkəzlərdə də olub.
Qeyd edək ki, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli görüşlərdə iştirak edib.