(9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 balı toplamaqla ən yüksək nəticə göstərib.
Budəfəki rekordçu şagird Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Məmmədli Məhəmməd Qurban oğludur.
NUHÇIXAN İnformasiya Agentliyi onun təəssüratlarını oxucuları ilə bölüşür:
- Məhəmməd, budəfəki buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?
- Bu nəticəni gözləyirdim, özümdən əmin idim. Valideynlərim deyirdi ki, çox ümidlənmə, birdən aşağı nəticə gələr, pis olarsan, ancaq mən maksimum balı toplayacağıma inanırdım. Özümü çox xoşbəxt hiss edirəm. Yüksək nəticə göstərmək çox fərqli, möhtəşəm hissdir.
- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?
- Son bir ildə repetitorla hazırlaşmışam.
- Hansısa ixtisas qrupu seçmisən?
- Əvvəllər III qrup üzrə hazırlaşmağı düşünür, hüquq ixtisası üzrə təhsil almaq istəyirdim, amma indi fikrimdən daşınmışam. Hələ ki tam qərar verə bilməmişəm.
- Gələcəkdə qəbul imtahanları ilə bağlı hədəfin nədir?
- Ali məktəblərə qəbul imtahanında hədəfim 700 baldır. İnanıram ki, bu istəyimə də çatacağam
"AzEdu.az" saytı