“Naxçıvan” Universitetində 19 May - Atatürkü anma, Gənclik və İdman Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universiterinin rektoru, dosent Anar Kazımov 19 may gününü böyük tarixi bayram adlandırıb, Atatürkün Türkiyə həyatında oynadığı roldan, əbədiyaşar ideyalarından bəhs edib. Azərbaycan-Türkiyə münasibətlərindən, bu əlaqələrin dostluq, qardaşlıq, tərəfdaşlıq zəminində inkişafından danışan Anar Kazımov deyib ki, dünyada çox az sayda dövlətin, o cümlədən Azərbaycan və Türkiyənin Ümummilli Lideri var. Bir millət olaraq iki böyük dövlət xadimi və xilaskarla hər zaman fəxr edəcəyik.

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxışında Türkiyənin milli azadlıq mücadiləsindən danışıb. Baş konsul deyib ki, Mustafa Kamal Atatürkün 104 il öncə mayın 19-da Samsunda yandırdığı istiqlal məşəli Ərzurumu, Sivası, Ankaranı, qarış-qarış bütün Anadolunu dolaşıb, böyük zəfəri və Cümhuriyyətin elanını mümkün edib. Azərbaycanla dostluq, qardaşlıq münasibətlərini hər zaman ön planda saxlayan Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyərək xalqlarımız arasındakı münasibəti tam şəkildə ifadə edib. Hər iki dahi lider – həm Mustafa Kamal Atatürk, həm də Ulu Öndər Heydər Əliyev Türkiyə və Azərbaycanın qardaşlaşması, dostlaşması yolunda böyük işlər görüblər. Bu gün ölkə prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən tərəfdaşlıq, müttəfiqlik əlaqələri yüksələn xətlə inkişaf etdirilir. İki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğuna diqqət çəkən Asip Kaya Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən Türkiyə-Azərbaycan müttəfiqliyini, ən çətin zamanlarda bir-birinə göstərdikləri mənəvi dəstəyi bu qardaşlığın dünyaya bəyanı kimi səciyyələndirib. 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxış ediblər. Çıxışlarda dahi öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən danışılıb, hər iki liderin əsasını qoyduğu dövlət gənclər siyasətindən, türk dünyasının dahi öndərlərinin irsinin daha dərindən öyrənilməsinin zəruriliyindən söhbət açılıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verib, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edib, söyləyib ki, Atatürk yalnız proqressiv ideyaları irəli sürməklə kifayətlənməyib, bu ideyaları həyata keçirib, qurmuş olduğu dövləti möhkəmləndirmək üçün tarixi stimullar müəyyənləşdirib, zəngin ideya qaynaqları aşkara çıxarıb.

Sonra maraqlı bədii kompozisiya təqdim edilib, “Naxçıvan” Universitetinin tələbələri, universitetdə təhsil alan türk tələbələr milli geyimlərdə rəqslər edib, vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi nömrələri səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: