Həyatda elə insanlar var ki, insan bəzən onun itkisi ilə barışa bilmir. Məhz belə insanlardan biri də Azərbaycan etnoqrafiya elminin inkişafında böyük rolu olan, Naxçıvan etnoqrafiyasının ilk təməlini qoyan tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadədir. O, Naxçıvan etnoqrafiyası sahəsində bir məktəb yaradıb, bu sahədə çox sanballı əsərlər yazıb. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elminin mühüm tərkib hissəsidir, onun bütövlüyünü, tamlığını təsdiqləyir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra qaranlıq səhifələrinə işıq salır. Minillikləri milyon illərə qovuşduran tarix yazır, tarix yaradır. Məhz belə tarix yazanlardan biri də Naxçıvan etnoqrafiyasının təməlini qoyan, mərhum akademik Teymur Bünyadovun dediyi kimi - pambıq zəmisi kimi çiçək açmış Naxçıvan bölgəsinin etnoqrafiyasını çiçəkləri solub tökülmədən toplayan, Azərbaycan etnoqrafiya elmində xüsusi dəst-xəti olan H.Q.Qədirzadə idi.
Hacı Qadir İbrahim oğlu Qədirzadə 20 may 1948-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Cəhri qəsəbəsində anadan olub. 1966-cı ildə Cəhri kənd orta məktəbini bitirib, bir il həmin kənddə sovxozda fəhlə işləyib. 1967-ci ildə APİ-nin Naxçıvan filialının tarix ixtisasına qəbul olub, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Cəhri kənd orta məktəbində müəllim işləyib. 1975-ci il iyun ayından Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində işləyib. 1992-2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2002-ci ildən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Əsas tədqiqat obyekti olaraq ailə və ailə-məişət məsələləri, islamaqədərki inamlar sistemi, etnik-mədəni münasibətlər, Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan məsələləri, Türk Ata nəzəriyyəsi, tanrıçılıq sistemi, xalq müalicə üsulları: türkəçarə və ya türkün çarəsi, bir sözlə, maddi və mənəvi mədəniyyətin vəhdəti və digər məsələlərdir. Bunlarla yanaşı xalq tərbiyəsi, milli uşaq oyunları, etnodemoqrafik problemlərin araşdırılması sahəsində SSRİ PEA Tərbiyənin ümumi Problemləri İnstitutunda “Xalq Oyunları Şurası”nın, Xalq Pedaqogikasının üzvü seçilməklə SSRİ EA Folklor Şurası və digər sahə institutları ilə sıx əməkdaşlıq edib.
2006-cı ildə “İcmalararası münasibətlər” proqramına uyğun olaraq ABŞ-nin Dallas şəhərində olub və buradakı qarşılıqlı fəaliyyətə görə şəhərin meri tərəfindən “Dallas şəhərinin fəxri vətəndaşı” adlandırılıb.
400-ə yaxın elmi, elmi-kütləvi (o cümlədən qəzet) məqalə və 7-si həmmüəllifli olmaqla 20 kitabın müəllifidir.
Təsadüfi deyil ki, Qadir müəllimin müəllifi olduğu “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Naxçıvan Muxtar Respublikasında xüsusi mükafata layiq görülüb, ali məktəblərə dərslik kimi tövsiyə olunub.
O, təkcə mühüm tədqiqat və elmi işləri ilə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanır.
Təbii ki, hər bir insanın dəyəri, qiyməti həm də onun yetişdirdiyi övladların xalq, cəmiyyət üçün faydası qədərdir. Ailəsində beş övlad böyüdüb onlara yüksək təhsil və tərbiyə verərək cəmiyyətə qazandıran Qadir müəllim həm də atalıq xoşbəxtliyinin səadətini dadan insanlardan idi...
Sözün əsl mənasında, elm fədaisi, millət təəssübkeşi, müəllim və böyük ziyalı, səmimi və qətiyyətli insan olan Qadir müəllim danışdıqca sanki qarşında dünya kitabxanalarında heç kimin oxuya bilmədiyi minlərlə kitabından səhifələr açılırdı. Muxtar respublika elmində sanki qocaman bir dağ idi Hacı Qadir Qədirzadə. Bu dağın sayəsində Naxçıvanda, Qərbi Azərbaycanda, Anadoluda, Cənubi Azərbaycanda, Qafqazda, hətta Uzaq Sibirdə yaşayan qədim türk xalqlarının min illik ortaq etnoqrafiyası, ailə-məişətinin dəyərli inciləri hər kəsə tanıdıldı.
Ömründə bir adamın toyuğuna daş atmamışdı, bir adamın xətrinə dəyməmişdi Qadir müəllim. Uşaqla uşaq idi, böyüklə böyük. Ali məktəblərdə də dərs demişdi, bir tələbə ondan incik düşmədi. Tələbələrin ən sevimli müəllimi idi.
Eyni zamanda o, sözün əsl mənasında, xalqına, vətəninə, doğulduğu torpağa qəlbən vurğun insan idi. Ürəyi daim xalqı üçün yanan, vətənini, elini-obasını qəlbən sevən Qədirzadə özünün əməlləri və Azərbaycan elminə böyük bir miras qoyduğu əsərləri ilə daim yaşayacaq. 75 yaşın mübarək, əziz müəllimimiz.
Asəf Orucov
Tarix üzrə fəlsəfə doktoru, dosent
Aytəkin Qəhrəmanova
Tarix üzrə fəlsəfə doktoru