Xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramları qəbul edilib

A- A A+

Dövlət İmtahan Mərkəzində (DİM) 2019–2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız və rus dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodik seminar keçirilib.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. İclasda 2019–2020-ci tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramlarının layihəsi müzakirə olunub, habelə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku üzrə fikir mübadiləsi aparılıb.

Seminarda çıxış edən DİM-in magistratura üzrə sektor müdiri Məhəbbət Əkbərli magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanının məqsədi və məzmunu, test imtahanı ilə yoxlanılması nəzərdə tutulan xarici dil bacarıqları, Azərbaycanın dünyaya sürətlə inteqrasiya olunduğu müasir şəraitdə xarici dillərin öyrənilməsinə qoyulan tələblər barədə ətraflı məlumat verib. O, növbəti qəbul imtahanında Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini xarici dil kimi seçmək imkanının verilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı iхtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqоji işlərlə məşğul оlmaq hüququ verir. Ona görə də magistraturaya daxil olmaq istəyən bakalavrlar öz ixtisasları ilə yanaşı, xarici dilləri də mükəmməl surətdə mənimsəməyə çalışmalıdırlar. Xarici dili mükəmməl bilmək ondan şifahi və yazılı şəkildə sərbəst ünsiyyət saxlamaq, müasir dövrün tələbləri səviyyəsində oxu, yazı, danışıq və dinləyib-anlama bacarıqlarına, zəruri söz ehtiyatına və qrammatik minimuma yiyələnmək deməkdir.

DİM-in aparıcı məsləhətçisi Aynur Bayramlı xarici dillər üzrə qəbul imtahanı proqramlarının layihəsini seminar iştirakçılarına təqdim edib. Sonra aparıcı məsləhətçi Ülkər Mirzəyeva iştirakçıları dinləyib-anlama üzrə test bloku üçün nəzərdə tutulmuş audiofayllar və onlar əsasında tərtib olunmuş test tapşırığı nümunələri ilə tanış edib.

Seminar iştirakçılarından Ç.Babaxanova, S.Mehdiyeva, S.Nuriyeva, A.Sadıqova, Ş.Mahmudova, P.Məmmədzadə və başqaları proqramların layihəsi barəsində, dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulan test bloku, habelə ali təhsil müəssisələrində xarici dillərin tədrisi sahəsində mövcud vəziyyət, bu sahədə özünü göstərən problemlər və xarici dil müəllimlərinin üzərinə düşən vəzifələrlə əlaqədar fikirlərini bildiriblər. Çıxışlarda qəbul imtahanı proqramlarının məqbul olması, imtahanda xarici dili bilmə səviyyəsini müəyyənləşdirmək üçün oxuyub-anlama, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılması ilə yanaşı, dinləyib-anlama bacarığının da yoxlanılmasının zəruri olması vurğulanıb.

Müzakirə və fikir mübadiləsi nəticəsində seminarda növbəti tədris ili üçün xarici dillər üzrə magistraturaya qəbul imtahanının proqramları qəbul edilib. Proqramlar “Magistr” jurnalının növbəti nömrəsində çap ediləcək. Test tapşırığı nümunələri isə jurnalın 2019-cu ildə buraxılacaq ikinci nömrəsində bakalavrlara təqdim ediləcək. Növbəti qəbul imtahanında ingilis, alman, fransız və rus dilləri üzrə dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audiofaylların və müvafiq test tapşırıqlarının nümunələri yaxın günlərdə DİM-in internet saytında yerləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: