Seymur Talıbov müsabiqə qaliblərini mükafatlandırdı - Yenilənib - FOTOLAR
Mayın 8-də Naxçıvan Dövlət Universitetində keçirilən “Heydər Əliyev yolu Azərbaycanın əbədi müstəqillik yoludur” adlı yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi olub.
NUHÇIXAN xəbər verir ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yazılıb. Bu kimi müsabiqələrin təşkil edilməsində əsas məqsəd tələbə-gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, milli dəyərlərimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Seymur Talıbov fərqlənən tələbələri təbrik edib və onları bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.
Qeyd edək ki, müsabiqəyə ulu öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən rəsmlərin, bədii tikmə, toxuma, ağac üzərində oyma, şəbəkə və misgərlik nümunələrinin foto və videogörüntüləri, eləcə də ulu öndərə həsr olunmuş mahnılar təqdim olunmuşdur. Təqdim olunan yaradıcılıq nümunələrindən 13-ü seçilərək universitetin instaqram səhifəsində yerləşdirilmişdir.
Münsiflərin rəyinə əsasən İnstrumental İfaçılıq üzrə II kurs magistr Aysel Eminli fleytada ifa etdiyi "Heydər atam" mahnısı ilə müsabiqənin qalibi olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənova bədii tikmə janrında hazırladığı kompozisiya ilə II, Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Qızıllı Mehdiyeva isə ulu öndərin bədii tikmə janrında hazırladığı portpeti ilə III yerlərə layiq görülüblər.
Qaliblərə Naxçıvan Dövlət Universitetinin diplomları və pul mükafatları təqdim edilib.Qeyd edək ki, müsabiqəyə təqdim olunan digər yaradıcılıq nümunələri də mükafatlandırılıb.
Sonda müsabiqənin qalibi olmuş əsər səsləndirilib.
Səadət Əliyeva
NTV xəbər
Səadət Əliyeva
NTV xəbər