AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb.
Bu barədə NUHÇIXAN-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi şurasının 2023-cü il 17 mart tarixli qərarı və Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev-muzeyinin Elmi şurasının 2023-cü il 4 may tarixli qərarı ilə çap edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi” başlıqlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur. Nəşrin rəyçisi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İslam Qəribli, ideya müəllifi və redaktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.
Monoqrafiyanın “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum-ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsillərində repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.