Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko Naxçıvana səfər edib - VİDEO
NUHÇIXAN xəbər verir ki, Ukrayna Respublikasında yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində xanım Antonenko muxtar respublikanın təhsil infrastrukturu ilə yaxından tanış olub.
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə muxtar respublikaya səfər edən qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ehtiramını bildirib.
Heydər Əliyev Muzeyi ilə tanışlıqdan məmnunluq duyan qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Valentina Antonenko Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində olub. Alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıqdan sonra məktəbin müəllim kollektivi ilə görüşüb. Görüş zamanı Ukraynada ağır şəraitdə dərs keçdiklərini bildirən qonaq qeyd edib ki, 15 ildir ki, məktəbləri akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yarləşdiyi küçə də akademik Zərifə xanımın adını daşıyır. Vurğulayıb ki, məktəbdə 2500 şagird təhsil alır. Hazırda onların yarısı onlayn dərs keçirlər. Ağır şəraitə baxmayaraq bu məktəbə gəlməyi özünə borc bilib. Bildirib ki, akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyində yeni tədris ilindən Azərbaycan dilində də dərs keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Ali Məclis sədrinin müavini Anar İbrahimov qonağı salamlayıb, Ukrayna - Azərbaycan dostluq münasibətlərindən bəhs edib. Bildirib ki, İrpendə fəaliyyət göstərən görkəmli oftalmoloq-alim Zərifə Əliyeva adına məktəb ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Qeyd edib ki, Zərifə xanım Əliyeva, onun atası, görkəmli alim, siyasi xadim Əziz Əliyev nəinki Azərbaycanda, hətta ondan kənarda da göstərdiyi fəaliyyətlərə görə tarixdə iz buraxıblar. Şahtaxtında dünyaya göz açan Zərifə xanımın da xatirəsi bütün naxçıvanlılar və Azərbaycan xalqı üçün əzizdir. Ona görə biz məmnunuq ki, hərbi əməliyyat zamanı zərər çəkmiş Zərifə xanım Əliyevanın adını daşıyan təhsil müəssisəsi ölkə Prezidentinin tapşırığı ilə SOCAR Energy Ukrain tərəfindən qısa zamanda bərpa olunub.
Təhsil naziri Rəhman Məmmədov müharibə dövründə məktəblə əlaqə saxladıqlarını və Naxçıvanda onlara tədris üçün zəruri şərait yaradıldığını xatırladıb. Diqqətə çatdırılıb ki, bu gün sevindirici haldır ki, artıq İrpendə tədris üçün normal şərait yaradılıb.
Valentina Antonenko Azərbaycanın Ukraynaya humanitar yardımlarını xatırladaraq, buna görə Azərbaycan rəhbərliyinə, xalqına minnətdarlığını bildirib. O, həm də Naxçıvanda olduğu zaman məktəb infrastrukturunun yüksək səviyyədə olmasından, buradakı şəraitdən təsirləndiyini qeyd edib, gələcəkdə də İrpenin Zərifə Əliyeva adına məktəbiylə Naxçıvanın sıx əlaqələrini davam etdirəcəyinə ümid etdiyini deyib.
Sonra qonaq Heydər Əliyev adına tam orta məktəbdə olub. Məktəbdəki STEAM tədris mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, məktəbdə 1200-dən çox şagird təhsil alır. Təhsil ocağı hər il ali məktəblərə qəbulda yüksək nəticələr göstərir. Vurğulanıb ki, muxtar respublikadakı 212 məktəbin 156-da STEAM kabinələri qurulub. Qonaq laboratoriyalarda yaradılmış şəraitlə də yaxından maraqlanıb.