Vergi olimpiadasında fərqlənən tələbələr mükafatlandırılıb - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş ümumrespublika olimpiadasında yüksək nəticə göstəriblər. Ali təhsil ocağında mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının tələbələrinin müxtəlif olimpiadalarda yüksək nəticə göstərdiyini nəzərə çatdırıb, tələbələri qazandıqları uğur münasibətilə təbrik edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov qazanılan müvəffəqiyyəti gələcək böyük uğurların başlanğıcı kimi dəyərləndirib, ali təhsil ocağı ilə əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayıb. Abbas İsmayılov vergi xidmətində mövcud olan Avtomatlaşdırılmış informasiya sistemi barədə məlumat verərək bildirib ki, vergi xidmətində bütün xidmətlər elektron qaydada həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və marketinq kafedrasının müəllimi İsmayıl Bağırov qeyd edib ki, olimpiadanın yekun mərhələsində universitetin tələbəsi Nail Mustafazadə ikinci, Nicat Məmmədli isə üçüncü yerə layiq görülüblər. Qaliblər həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarında iştirak imkanı əldə ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov olimpiadada yer tutan tələbələrə diplom və kitab, kafedranın müəllimi İsmayıl Bağırova isə təşəkkürnamə təqdim ediblər.
İsmayıl Bağırov həmmüəllifi olduğu “Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” dərs vəsaitini NDU-nun rektoru Elbrus İsayev və Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılova hədiyyə edib.
Sonda xatirə fotosu çəkdirilib.
Səadət Əliyeva