NUHÇIXAN xəbər veirr ki, Naxçıvanda “Sabahın tədqiqatçıları - 2023” layihəsinə yekun vurulub. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində bununla bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülüb. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılıb, məruzə, tezis, referat və hesabatlar hazırlanıb. Ötən dövr ərzində tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunub, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilib. Cari tədris ilində də davam etdirilən layihədə ümumilikdə, bu günədək 90 elmi rəhbərin və 160 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 102 layihə üzrə tədqiqatlar aparılıb.
Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını qazandıqları uğurlara görə təbrik edib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və praktikaya tətbiqində daşıdığı önəmindən danışıb. Bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə layihənin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2022-2023-cü tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qeyd olunub ki, cari tədris ilində 16 elmi rəhbərin və 28 şagirdin iştirakı ilə 21 layihə işlənib hazırlanıb. Beynəlxalq müsabiqələrdə 4 il ərzində 40 layihə birinci, 8 layihə ikinci, 8 layihə üçüncü yerə layiq görülüb.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsindən bəhs edən videoçarx izlənilib.
Sonra layihənin iştirakçıları apardıqları tədqiqat işləri barədə məlumatlar veriblər.
Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunub.
Mahmud Hüseynov