Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bakıda "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
M.Abbaszadə 2019-cu ilin Dövlət İmtahan Mərkəzi üçün gərgin olacağını bildirib. Qeyd edilib ki, 2018-ci ilin 10 ayı ərzində 641 min 517 iştirakçı imtahanda olub. 18603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48309 nəfər ictimaiyyət nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirmək üçün cəlb edilib. Sədr diqqətə çatdırıb ki, bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların keçirilməsinə öz töhfələrini verirlər.