Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə test imtahanı vermiş, müsabiqə şərtini ödəyən və sorğu vərəqi dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş 3 mövzudan ixtiyari birini seçməklə inşa (esse) yazacaqlar. İnşa (esse) abituriyentin imtahan verdiyi bölməyə uyğun olaraq Azərbaycan və ya rus dilində yazılmalıdır.
Bu barədə NUHÇIXAN-a DİM-dən məlumat verilib. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat, eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşa (esse) yazarkən abituriyent:
- səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
- öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
- mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
- yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı; abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
- ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
- ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
- fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına (qrammatik, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına) uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün mövzuya uyğun 3 və ya daha çox sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisələr, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.